Loading...
Ən çox verilən suallar

“Azərlotereya” ASC hansı qanuni əsasda fəaliyyət göstərir? Fəaliyyəti üçün hansı lisenziya və icazələrə malikdir?

“Azərlotereya” ASC Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qanuni şəkildə fəaliyyət göstərir. “Azərlotereya” ASC “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli 599 saylı fərmanı ilə yaradılıb və həmin fərmanla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərlotereya” ASC-nin təsisçisi kimi müəyyən edilib.

Azərbaycan Respublikasında lotereyaların təşkili və keçirilməsi 5 mart 2004-cü il tarixli “Lotereyalar haqqında” qanunla müəyyən edilir. Həmin qanunun 3.3-cü maddəsinə və həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli fərmanının 2.1.-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir. Həmin fərmanın 2.5.-ci maddəsinə uyğun olaraq, qeyd edilən orqan (qurum) “Azərlotereya” ASC-dir.

Göründüyü kimi, lotereyaların təşkili və keçirilməsi qanunla, fərmanla “Azərlotereya” ASC-yə həvalə edildiyi üçün bu sahədə hər hansı əlavə lisenziya, eləcə də icazə tələb edilmir.

 

 “Azərlotereya” ASC-nin strukturu necədir?

“Azərlotereya” ASC-nin strukturu onun nizamnaməsi ilə müəyyən edilir. Nizamnaməyə uyğun olaraq, “Azərlotereya” ASC qabaqcıl korporativ idarəetmə sisteminə malikdir. İdarəçilik Ümumi Yığıncaq, Müşahidə Şurası, İdarə Heyəti və İdarə Heyətinin sədri tərəfindən həyata keçirilir.

 

“Azərlotereya” ASC-nin fəaliyyəti dövlət tərəfindən necə tənzimlənir? Hesabatlılıq necədir? Audit keçirilirmi?

“Azərlotereya” ASC-nin fəaliyyəti qanunvericiliyə əsasən dövlət tərəfindən tənzimlənir. “Lotereyalar haqqında” qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət normativ-hüquqi aktlar qəbul etməklə, lotereyaların qeydiyyatını aparmaqla, “Azərlotereya” ASC-dən keçirilən lotereyalarla bağlı hesabatları toplayıb təhlil etməklə və sair üsullarla dövlət tənzimlənməsini həyata keçirir.

“Azərlotereya” ASC-nin maliyyə hesabatları audit rəyi ilə təsdiqlənir.

 

Lotereya oyunlarının qumar oyunlarından fərqi nədir?  

Qanunvericiliyə uyğun təşkil edilən və keçirilən lotereyalar, eləcə də idman mərc oyunları qumar sayılmır. Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd olunur ki, “qumar oyunu” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən, mərclər) başa düşülür. Lakin həmin maddədə qeyd edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.

 

Lotereya oyunları qanunla necə tənzimlənir?

Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilmiş qaydalar, habelə “Azərlotereya”nın daxili siyasəti və prosedur sənədləri əsasında tənzimlənir. Müvafiq qanunvericilik aktları ilə “Azərlotereya”nın vebsaytındakı Qanunvericilik aktları bölməsində tanış ola bilərsiniz.

 

Ani lotereyaları necə oynamaq olar?

Ani lotereya oyunlarını bileti aldığınız andan qüvvədən düşdüyü son tarixədək oynaya bilərsiniz. Gözləməyə ehtiyac duymadan biletin üzərindəki xanaları pozmaqla uduşlu olub-olmamasını dərhal müəyyən etmək mümkündür. 

 

Hansı ani lotereya növləri mövcuddur?

Ani lotereya biletlərimizin sırasına yeniləri əlavə edilir. Mövcud və yeni ani lotereya oyunlarının növləri və qaydaları ilə POZ-QAZAN bölməsində tanış ola bilərsiniz. 

 

Lotereya biletlərini hardan əldə etmək olar?

Biletləri “Azərlotereya”  və “Misli” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan onlayn sifariş vermək mümkündür. Satış nöqtələrinin ünvanları ilə “Azərlotereya”nın rəsmi saytından tanış ola bilərsiniz. 

 

Biletin uduşlu olub-olmadığını necə yoxlamaq olar?

Ani lotereyalarda bilet arxasında qeyd edilən oyun şərtlərinə uyğun kombinasiyalar uduşlu sayılır. Hər bir oyunçu bu kombinasiyaları özü yoxlaya və ya satıcı ilə dəqiqləşdirə bilər.

Tirajlı lotereyalar, Virtual idman, Keno, İdman mərc oyunlarında isə bu məhsulların satıldığı lotereya satış nöqtələri və “Misli” məntəqələrinə yaxınlaşaraq biletin uduşlu olub-olmamasını satıcıya yoxlatmaq olar. Tirajlı lotereya biletinin uduşlu olub-olmadığını yoxlamaq üçün https://azerlotereya.com/az saytında müvafiq oyun növünü seçib tarixlər üzrə tiraj nəticələri ilə də tanış olmaq mümkündür.

Misli.az saytında oynanılan oyunlarda isə bilet uduşlu olduqda avtomatik şəxsi hesaba uduş yüklənir. Oyunçu eyni zamanda şəxsi hesabda “kuponlarım” bölməsində yoxlanış edə bilər. “Kuponlarım” bölməsində son 3 ayın nəticələri öz əksini tapır.

 

Bilet uduşludursa, mükafatı ən gec nə vaxt götürmək olar?

3 000 manatadək (daxil olmaqla) uduşları satış nöqtələrindən əldə etmək mümkündür. 3 000 manatdan yuxarı uduşlu biletlərin qəbulu “Bakı KOB Evi”ndə (Bakı, Ziya Bünyadov prospekti 38C) və Gəncə şəhəri, Fətullah Həsənov küçəsi 15B ünvanında həyata keçirilir. Uduş məbləği “Azərlotereya” ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 iş günündən gec olmayaraq bank vasitəsilə ödənilir.

Mükafatların ödənilmə qaydası lotereya növləri üzrə aşağıdakı kimidir:

Ani lotereyalarda uduşlu biletin "Azərlotereya" ASC tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereya başa çatdığı tarixdən 150 təqvim günü davam edir.

Tirajlı lotereyalarda uduşlu biletlərin qəbulu həmin tirajın uduş fondu oynanıldığı tarixdən 7 iş günündən gec olmayaraq başlayır və 150 təqvim günü ərzində davam edir.

Misli.az saytında oynanılan oyunlarda qazanılmış uduşlar oyunçunun şəxsi kabinetində əks olunur. Qazanılan mükafat məbləği 1-30 iş günü ərzində oyunçunun qeyd etdiyi bank kartına köçürülür və ya kod vasitəsilə bankomatla ödənilir.

Misli məntəqələrində oynanılan oyunlarda qazanılan 3 000 manatadək uduşlar məntəqələrdə, 3 000 manatdan böyük uduşlar isə “Azərlotereya” ASC tərəfindən 30 iş günü ərzində qalibin bank hesabına köçürülür.

Qeyd: İdman mərc oyunlarında uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları ödənilmir.

 

Virtual ani lotereya oyunlarını minimum və maksimum hansı məbləğlə oynamaq mümkündür?

Virtual ani lotereya oyunlarında minimum və maksimum məbləğ oyun növünə görə dəyişir. 1 oyun üçün ən azı 0.20 AZN, ən çoxu 30 AZN məbləğlə oynaya bilərsiniz. Oynanılan məbləğə uyğun olaraq uduş fondunun məbləği də dəyişir.

 

Mərc oyunlarını minimum və maksimum hansı məbləğlə oynamaq olar?

İdman mərc oyunlarında bir bilet üzrə  maksimum 2 500 sütun oynanıla bilər. Bir sütunun qiyməti 1 AZN-dir. Beləliklə, idman mərc oyunlarında bir bilet üzrə ən azı 1 manat, ən çoxu 2500 manat məbləğlə oynaya bilərsiniz

 

“Azərlotereya” ASC lotereyaların satışını necə həyata keçirir? Distribütorlar və dilerlər kimlərdir?

Lotereya biletlərimizin satışını rəsmi distribütor və dilerlərimiz vasitəsilə həyata keçiririk. Rəsmi distribütor və dilerlər ilə bağlı məlumat əldə etmək üçün bu linkə keçid edə bilərsən.

 

Necə distribütor və diler olmaq olar?

Rəsmi distribütor və diler olmaq üçün “Azərlotereya” ASC-nin “Çağrı Mərkəzi”nə (*2090) müraciət etmək lazımdır. “Çağrı Mərkəzi”ndə distribütor və diler olmaq istəyən hüquqi və fiziki şəxslərə ətraflı məlumat veriləcək. 

  

Lotereyaların satışını təşkil edənlər “Azərlotereya” ASC-nin rəsmi işçiləridir?

“Azərlotereya” satışları rəsmi distribütor və dilerləri vasitəsilə həyata keçirir. Distribütor və dilerlərin işçiləri “Azərlotereya”nın əməkdaşları deyil.

 

Lotereya qaydaları haqqında məlumatı hardan əldə etmək olar?

Hər bir lotereyanın keçirilmə qaydaları, uduş fondunun tərkibi, hər bir uduşun cəmi sayı və məbləği, vergi çıxılandan sonra ödənilən məbləğlər, satışa buraxılmış biletlərin ümumi sayı, uduşlu biletlərin sayı bütün ani lotereya biletinin arxa hissəsində və “Azərlotereya”nın rəsmi vebsaytında qeyd edilir.

 

Ani lotereyaların uduş fondları necə formalaşır?

Uduş fondu “Lotereyalar haqqında” qanunda nəzərdə tutulan qaydada tənzimlənir.  “Lotereyalar haqqında” Qanunun 6.5-ci maddəsinə uyğun olaraq ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır. “Azərlotereya”nın ani lotereyalarında bu göstərici 63-68% arasındadır. Yəni, satışdan əldə edilən gəlirin 68%-dək hissəsi uduş olaraq qaliblərə ödənilir.

 

Uduş məbləğlərindən nə qədər vergi tutulur?

Lotereyalardan əldə edilən uduşlar vergiyə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  Yəni, 500 manatadək olan uduşlar gəlir vergisindən azaddır.

 

Udulan məbləğdən dövlət vergisi çıxıldıqdan sonra qalanı tam şəkildə qalibə ödənilirmi?

Vergilər çıxıldıqdan sonra müvafiq lotereya bileti üzrə uduş həmin lotereya biletini təqdim edilmiş şəxsə ödənilir. “Azərlotereya” tərəfindən uduşdan hər hansı komissiya haqqı tutulmur.

 

Böyük uduşlar qaliblərə necə təqdim olunur?

“Nağdsız hesablaşmalar” haqqında qanunun 3.4.13-cü bəndinə uyğun olaraq “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə (yəni şans oyunları üzrə) müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) nağdsız qaydada ödənilməlidir. 3 000 (üç min) manatdan yuxarı məbləğdə uduşu almaq üçün “Azərlotereya” ASC-nin “Bakı KOB Evi”ndə (Bakı, Ziya Bünyadov prospekti 38C) və Gəncə şəhəri, Fətullah Həsənov küçəsi 15B ünvanında yerləşən bilet qəbulu mərkəzinə yaxınlaşmaq lazımdır. Bu uduşlar bank köçürməsi yolu ilə ödənilir.

 

3 000 (üç min) manatdan kiçik uduşu bilet aldığı yerdə əldə edə bilməyən qalib hara müraciət etməlidir?

“Azərlotereya” ASC biletlərində udulan 3 000 (üç min) manatdan aşağı uduşlar satış nöqtələrində ödənilir. Satış nöqtələrində məbləğin ödənilməsi mümkün olmasa, müştərilər “Qaynar xətt”ə müraciət etdikdən sonra müvafiq satış nöqtəsinə yönləndirilirlər. 3 000 (üç min) manatdan yuxarı uduşlar “Bakı KOB Evi”ndə (Bakı, Ziya Bünyadov prospekti 38C) və Gəncə şəhəri, Fətullah Həsənov küçəsi 15B ünvanında ödənilir.

 

Lotereyalar harda istehsal olunur?

Lotereyalar “Azərlotereya”nın dünyanın aparıcı lotereya oyunları şirkətlərindən biri olan “Scientific Games” (ABŞ) ilə əməkdaşlığı çərçivəsində hazırlanır.

Lotereya biletləri “Scientific Games”in Böyük Britaniyanın Lids şəhərində yerləşən yüksək texnologiyalı və təhlükəsiz müəssisələrində dünya standartlarına uyğun müasir lotereyaların alqoritmləri əsasında istehsal olunur.

 

Lotereyaların təşkilində təhlükəsizlik və şəffaflığa necə zəmanət verilir?

Fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanan “Azərlotereya” ASC qlobal lotereya sənayesində önəmli yer tutan "Scientific Games"lə əməkdaşlıq edir. Lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. “Azərlotereya” ASC-nin bütün ani lotereya biletləri şirkətin Böyük Britaniyada  yerləşən ofisində dizayn və çap edilir. “Azərlotereya” ASC-nin fəaliyyəti qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tənzimlənir və audit şirkəti tərəfindən audit olunur. Bu da şəffaflıq və təhlükəsizliyin əlavə zəmanətləridir.

 

Şans oyunlarında qaliblərin kimliyi niyə həmişə açıqlanmır?

“Lotereyalar haqqında” qanunun 8-1.2-ci maddəsinə uyğun olaraq lotereyada udan şəxsin yazılı razılığı olmadan adı açıqlana bilməz.

“İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 3.12-ci bəndinə əsasən mərci udan şəxslərin adları onların birbaşa və yazılı icazələri olmadan açıqlana, xəbər kimi istifadə edilə, səs və ya görüntüləri yayımlana bilməz. 

 

Dövriyyəyə saxta lotereyalar girə bilərmi? Vətəndaş lotereyanın saxta olub-olmadığını necə ayırd edə bilər?

Biletlərdə gözlə görünən və “Azərlotereya” tərəfindən xüsusi sistem vasitəsilə yoxlanan təhlükəsizlik tədbirləri mövcuddur. Vətəndaşlar bilet alarkən diqqətli davranmalı, onun hər hansı bir hissəsinin daha öncə pozulub-pozulmadığından əmin olmalıdırlar. Lotereya biletlərini “Azərlotereya”nın distribütor və dilerlərinə məxsus satış nöqtələrindən əldə etmək tövsiyə olunur.

 

 

 

TV Yayım Təqvimi Misli.az-da Oyna