Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru - “Azərlotereya” ASC 2021-ci il üzrə maliyyə hesabatını təqdim edib.
“Azərlotereya” ASC-nin 2021-ci il hesabat dövründə mənfəət vergisi olaraq dövlət büdcəsinə daxilolması əvvəlki ilə görə 290 faiz artaraq 5,1 milyon manat təşkil edib.
Şirkətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı yaranmış bütün vergi öhdəlikləri qanunvericiliyə uyğun olaraq zamanında ödənilib, hər hansı bir vergi öhdəliyi qalmayıb.
2021-ci ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri ötən ilə nisbətən 147 faiz artaraq 43,9 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda da xeyli artım müşahidə olunub. Bu göstərici 2020-ci illə müqayisədə 212 faiz artıb.
Bununla yanaşı, şirkətin ümumi mənfəəti 170 faiz artaraq, 7,7 milyon manatdan 20,9 milyon manata yüksəlib, xalis mənfəəti isə 73 faiz artaraq 7,6 milyon manata çatıb.
2021-ci il ərzində şirkət 5,6 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 1,1 milyon manatdan 6,7 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2021-ci ilin sonu cəmi aktivləri 31,8 milyon manat təşkil edib. Şirkətin 2020-ci ilin sonunda cəmi aktivləri 11,1 milyon manat olub.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 33 faiz artaraq, 9,7 milyon manata çatıb.