Şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasına (EL) üzv olan “Azərlotereya” ASC “Məsuliyyətli oyun” konsepsiyasının tətbiqini genişləndirir.
Lotereya və idman mərc oyunları həvəskarları üçün *2070 "Məsuliyyətlə oyna!" dəstək xəttini istifadəyə verən şirkət bu istiqamətdə görülən işlərin davamı olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə memorandum imzalayıb.
“Azərlotereya” ASC-nin Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığına əsasən *2070 dəstək xəttinə müraciət edən oyunçular İnstituta yönləndiriləcək. Həmin şəxslər birbaşa müraciət etdikdən sonra onlara psixoloji yardım göstərilməsi istiqamətində müvafiq maarifləndirmə və dəstək xidməti təmin ediləcək. İnstitut tərəfindən oyunçuların şəxsi məlumatlarının məxfi saxlanılmasına Dünya Lotereya Assosiasiyasının informasiya təhlükəsizliyi standartının öhdəliyinə əsasən tam təminat verilir.
Əyləncəli şans oyunlarının məsuliyyətli satışı prinsipinə hər zaman sadiq qalan “Azərlotereya” öz əməkdaşlarına göstərdiyi xidmətlər zamanı bu istiqaməti əsas götürməsini təmin etmək üçün xüsusi təlim keçib. Təlimin proqramına məsuliyyətli oyun siyasəti, yetkinlik yaşına çatmayanların oyundan kənarda saxlanması, oyun asılılığının yaranmasını müəyyən etmək və həmin şəxslərə peşəkar dəstək vasitəsinin mövcudluğu və s. daxildir.
“Azərlotereya” ASC-nin məhsullarının satışını həyata keçirən bütün pərakəndə satış agentlərinə də məsuliyyətli oyun mövzusunda mütəmadi təlimlər verilir. Təlimin məzmununda ifadə edilən məsuliyyətli oyun siyasəti və proses haqqında məlumatlar, bu məlumatların iştirakçılara lazım olduqda (iştirakçı tərəfindən tələb edildikdə, iştirakçının məsuliyyətli davranmaması, yetkinlik yaşına çatmayanlardan tələblər və s.) məlumat vermə və xüsusi nəzarət mexanizmi əsasında pozuntu halları yarandıqda isə satış prosesini dayandırmaq məsuliyyəti öz əksini tapır.
Qeyd edək ki, dünyada 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunu özündə birləşdirən Dünya Lotereya Assosiasiyası (WLA) üzvlərinin ümumi məqsədi əyləncəli şans oyunlarının məsuliyyətli satışını həyata keçirməkdir.
Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində tam şəffaflığın təmin olunması və informasiya təhlükəsizliyi, müştəri məlumatları üzrə gizliliyə tam əməl olunması,tədarük zənciri prosesinin İSO 27001 standartlarına uyğun şəkildə təşkil edilməsi kimi məsələlərə ciddi yanaşan “Azərlotereya” ASC-nin fəaliyyəti Assosiasiyanın meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb.
Xatırladaq ki, “Azərlotereya” ASC-nin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir. Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində də Dünya Lotereya Assosiasiyasının üzvü olan və müvafiq sertifikasiyaları tamamlamış Fransanın “Akanis Technologies” şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir.