Futbol üzrə Azərbaycan Premyer Liqası bu mövsüm də “Misli”nin sponsorluğu ilə keçiriləcək. Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni idman mərc oyunları operatoru “Misli” arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb. Razılığa əsasən, 2023/2024-cü illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq. Tərəflər arasında müqavilə rəsmilərinin iştirakı ilə keçirilən tədbirdə imzalanıb.
“Misli” ilə əməkdaşlığın ölkə futbolunun inkişafına müsbət təsirindən danışan AFFA prezidenti Rövnəq Abdullayev çempionatda klub sayının artması ilə rəqabətin artdığını, bunun isə öz növbəsində daha maraqlı mübarizəyə şərait yaratdığını xüsusi vurğulayıb.
Mərasimdə çıxış edən “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusilə dünyada ən çox sevilən idman növlərindən futbolun inkişafına dəstək olduğunu qeyd edib. O, Peşəkar Futbol Liqası ilə əməkdaşlığın uğurla davam edəcəyinə, həmçinin ölkə futboluna, regionlarda futbolun inkişafına, istedadlı gənc oyunçuların yetişməsinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, Misli Premyer Liqası avqustun 4-də start götürəcək.