Loading...
2024.07.11
“Azərlotereya”nın dəstəyi ilə ikinci “Qarabağ gecəsi” xeyriyyə konserti keçirildi

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib. 

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verərək əldə ediləcək vəsaitin Qarabağın bərpası istiqamətində həyata keçirilən tədbirlərə töhfə verəcəyini vurğulayıb. İdarə Heyətinin sədri “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Konsertin tərəfdaşlarından olan “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxış edərək bu cür təşəbbüslərə dəstək göstərməyin əhəmiyyətini qeyd edərək, işğaldan azad edilən ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlərdə həmrəyliyin vacibliyini vurğulayıb.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, konsertdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci ildə Bakıda, ikinci konsert isə 17 iyun 2023-cü il tarixində Gəncə şəhərində keçirilib.

Müvafiq olaraq Bakıda təşkil olunan xeyriyyə konsertindən əldə olunan 171.257 manat vəsait Şuşa şəhərində yerləşən mədəniyyət müəssisələrinin birinə musiqi aləti – royalın alınmasına yönəldilib. Gəncədə təşkil olunan konsertdən əldə olunan 140.220 manat vəsaitin isə Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldilməsi təmin edilib.

TV Yayım Təqvimi Misli.az-da Oyna